Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilməli olan məhkəmə prosesi təxirə salınıb.

PRESSDAY.az bildirir ki, Maşallah Əhmədov zərəri ödəmədiyi üçün ona vaxt verilib.

Proses yanvarın 17-nə təyin edilib.

Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında Maşallah Əhmədovun 9 il nüddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O 2015-ci ilin dekabr ayının 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi rayon Məhkəməsində Maşallah Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin apelyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi rayon Məhkəməsi Maşallah Əhmədov barəsində seçilən həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə Maşallah Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

.