Yenizaman.az Arb Cənub-a istinadən xəbər verir ki, yay turizm mövsümü ərəfəsində Cənub bölgəsində istirahət məkanları, otellər ən azı 80 faiz turistlə dolu olursa qalan fəsillərdə xüsusilə qış aylarında bu 20 faizi ötmür. Halbuki bölgənin potensialından istifadə edib qış turizmini inkişaf etdirərək turistlərin sayını dəfələrlə artırmaq olar. Bəs Cənub bölgəsində bununla bağlı hansı imkanlar var, turizm obyektləri bunda nə dərəcədə maraqlıdır? Bu haqda əməkdaşlarımızın araşdırmasında biləcəyik.

Cənub bölgəsi dəniz sahilində yerləşdiyi kimi həm də meşə və dağlıq ərazilərlə əhatələnib. Qış fəslində dağlıq ərazilərə yağan qarın hündürlüyü bəzən bir metri ötür. Bu da bölgədə qış turizmi üçün mövcud imkanların olduğundan xəbər verir. Elə bu məqsədlə gələn ildən hər bölgənin özünəməxsus şəraiti nəzərə alınmaqla turizm rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov:"Dağ və dağətəyi ərazilərdə infrastrukturun yaradılması, qış əyləncələrinin və turların təşkili nəzərdə tutulmuşdur.”

Zona üzrə hansı istirahət növlərinin yaradılmasına gəlincə isə Lerik, Yardımlı və Lənkəran rayonları perspektivli ərazilər hesab olunur.

Turizm üzrə ekspert Vamiq Babayev: "Ovçuluq turizminin yaradılmasına şərait var. Qarın may ayına qədər əriməməsini nəzərə alsaq xizəkçiliyin inkişaf etdirilməsinə, kanatların çəkilməsinə imkan var.”

Bu isə təbii ki, işə kompleks yanaşma tələb edir. Çünki əyləncə mərkəzlərinin yaradılması və atraksionların quraşdırılması hələ hər şeyin hazır olduğu anlamına gəlmir. Çünki bölgədə nəinki qış, ümumilkdə turizm sektoru üçün çətinliklər yaradan bəzi məqamlar var.

Böyük turizm potensialı olan Lerikə turistlərin daha çox gəlməsinin qarşısını alan əsas səbəb keçilməz yollardır. Normal yolla irəlilədiyiniz zaman qarşınıza qəfil bu cür keçilməz yol çıxır. Bu da həm insanların narahatlığına həm də maşınların sıradan çıxmasına səbəb olur.


Qış fəslində, qarlı buzlu havalarda bu məsələ daha qabarıq şəkildə özünü biruzə verir və yaradılmalı olan infrastrukturun ən mühüm tərkib hissələrindən biri hesab olunur.

Bölgədə qış turizminin yaradılması üçün mövcud olan təbii şərait və imkanla tanış olduq. Bəs otellərdə bununla bağlı vəziyyət nə yerdədir. Bu haqda əməkdaşımız Pərvanə Əliyeva danışacaq.

Bir tərəfdən dəniz bir tərəfdən talış dağları digər tərəfdən isə dənizlə əhatələnmiş Lənkərana yay fəslində turist axını çox olsa da, təəssüf ki, bunu qarlı-şaxtalı qış fəlsində demək mümkün deyil. Turistlər noyabr, dekabr, yanvar və fevral aylarında Lənkərana gəlməyə çox da maraq göstərmirlər. Bəs görəsən turizm obyektləri turistləri qış fəslində cəlb etmək üçün hasısa güzəştlər tətbiq edirlərmi? Biz bunu çəkiliş apardığımız turizm obyektlərindən birində öyrənməyə çalışacağıq.

Otel nümayəndəsi Mirəhməd Məmmədov: "Güzəştlər, endirimlər etmişik 15-20 faiz . menyuda quş çölməyi, lərgə plov, kartof plov, boranı plov var. Yeyib məmnun qala bilərlər.”

Araşdırmamızın sonunda belə qənaətə gəlmək olur ki, həm bu sahəyə diqqət və qayğı göstərən dövlət, həm də turizm obyektləri qış turizminin bölgədə inkişaf etməsində maraqlıdırlar. Hazırda Lənkəranda 2, Astarada 3, Yardımlıda isə 2 əlavə hotel tikilir. Bu da bölgənin əlavə turist axınına daha çox ehtiyac duyduğundan xəbər verir. Qalır mövcud imkandan yararlanıb bu şəraiti yaratmaq.




.