
2 iyun, bazar ertəsi İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiyaya dayanıqlı sülhün əldə olunması üçün "yol xəritəsi"ni təqdim edəcək.
Bu barədə “Reuters“ agentliyi danışıqlarda təqdim olunacaq sənədin nüsxəsinə istinadən məlumat verib.
Təklif olunan yol xəritəsi ən azı 30 gün müddətinə tam atəşkəsdən başlayır, ardından hər iki tərəfdən bütün əsirlərin mübadiləsi və Rusiya ərazisinə aparılmış Ukrayna uşaqlarının geri qaytarılması nəzərdə tutulur.
Bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır.
ABŞ və Avropanın iştirakı ilə müharibənin tam dayandırılması üzrə razılaşma
Plana görə, Moskva və Kiyev – ABŞ və Avropanın iştirakı ilə – müharibənin tam dayandırılması şərtlərini razılaşdırmaq üçün işləyəcək. Ukrayna rəsmiləri sənədin layihəsini əvvəlcədən Rusiya tərəfinə göndəriblər. “Reuters“ qeyd edir ki, Ukraynanın sülh sazişinə dair əsas tələbləri sənəddə əvvəlki mövqeləri ilə üst-üstə düşür.
.