Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə nadir, nəsli kəsilməkdə olan və qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırılır.

Bu barədə AMEA Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Elşad Əhmədov məlumat verib.

O bildirib ki, bu növlər Oligochaeta - 1 növ, Hirudinea – 1 növ, Mollusca - 3 növ, Crustacea - 1 növ, İnsecta - 118 növ, Pieces - 11 növ, Amhpibia - 6 növ, Reptilia - 20 növ, Aves - 83 növ, Mammalia - 35 növdür: "Hazırda “Qırmızı Kitab”ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və İşçi qrupun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılır”.

İcraçı direktor bildirib ki, monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə (Anax imperator, Calosoma sycophanta, Rhaesus serricolli, Bubopsis andromache, Utetheisa pulchella, Saga ephippigera) rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib.

Onun sözlərinə görə, cari ildə hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər həyata keçirilib.

İcraçı direktor qeyd edib ki, hazırda tibb zəlisinin (H.orientalis) “Qırmızı Kitab”a daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. “Qırmızı Kitab”ın II nəşrində yer alan Pilzov çay xərçəngi, Lənkəran anodontu və Muğan eyzeniyası haqqında toplanılan məlumatlar üzərində işlər davam etdirilir.

Elşad Əhmədov vurğulayıb ki, apardıqları müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq “Qırmızı Kitab”ın II nəşrində yer alan çay qızılxallısının (Salmo fario Linneus, 1758) və qızılı şirbitin (Zərdəpər) (Luciobarbus capito Güldenstädt,1773) geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun “Qırmızı Kitab”ın növbəti nəşrinə tövsiyə edilməməsi və növbəti nəşrə 3 növ balığın - Kür siyənəyini (Alosa curensis Suworow,1907), Soyuqbulaq külməsini (Rutilus sojuchbulagi Abdurahmanov,1950) və mursa şirbitinin (Luciobarbus mursa Güldenstädt,1773) daxil edilməsi məsələsi araşdırılır: "Herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib. Tədqiqat ərazisindən “Qırmızı Kitab”ın növlərinə aid materiallar toplanıb. 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib”.

Elşad Əhmədov vurğulayıb ki, “Qırmızı Kitab” növlərinin öyrənilməsinə dair ornitoloqların Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün (imperator qartalı - Aegypius monachus, çöl muymulu - Falco naumanni, şahin qızılquş - Falco peregrinus, adi arıyeyən - Pernis apivorus, qaragöz qızılquş - Falco subbuteo, cırtdan qartal - Hieraetus pennatus), Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün (leşyeyən ağkərkəs - Neophron percnopterus, keçəl qarakərkəs - Aegypius monachus, saqqallı kərkəs - Gypaetus barbatus, ağbaş kərkəs - Gyps fulvus) sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb. Terioloqlar tərəfindən tədqiqatlar isə Böyük Qafqaz ərazisində aparılıb, “Qırmızı Kitab”a daxil ediləcək Cırtdan ağdiş (Suncus etruscus), Kiçik köstəbək (Talpa levantis), Talpa talyschensi –(Hirkan köstəbəyi), Hind tirəndazı (Hystrix indica) Cırtdan siçan, (Micromys minitus), Qafqaz qar siçanı (Chionomys gud), Kiçik Asiya qar siçanı (Chionomys roberti), bəbir (Panthera pardus), vaşaq (Lynx lynx), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis) növləri haqqında materiallar toplanıb.

E.Əhmədov əlavə edib ki, “Qırmızı Kitab”ın III nəşrinin hazırlanması məqsədilə Yarasalar dəstəsindən (Chiroptera) olan növlər üzrə məlumatları toplamaq üçün Azərbaycanın müxtəlif təbii vilayətlərinə ekspedisiyalar təşkil edilib. Bu məqsədlə “Qırmızı Kitab”ın II nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə (Rhinolophus hipposideros - kiçik nalburun, Rh. mehelyi - eynəkli nalburun, Rh. ferrumequinum - böyük nalburun, Myotis blythii - itiqulaq gecə şəbpərəsi, M.emarginatus - üçrəng gecə şəbpərəsi, Barbastella caspica - Asiya enliqulağı, Eptesicus ognevi - səhra gönlücəsi, Miniopterus schreibersii - adi uzunqanadlı yarasa) materiallar toplanıb, fotoşəkillər çəkilib, məlumat bazası üçün səs qeydiyyatları xüsusi olaraq yazılıb, spektoqramları əldə edilib.

.