Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin doğma tribunalardakı azarkeş dəstəyi də “ağ-qaralar”a kömək olmayıb. “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb.

Çempionlar yolunda mübarizə aparacaq “Neftçi” burada Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. “Suomilər” Çempionlar Liqasının II təsnifat mərhələsində İsveç “Malmö”sünə “boyun əyib” – 1:2, 2:2.

“Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 5-də Bakıda təşkil olunacaq. Avropa Liqasında pley-offa yollanacaq komanda ayın 12-də Helsinkidə keçiriləcək matçda bəlli olacaq. Burada da uduzan tərəf Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

“Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) - 0:1
Qol: Giorqos Masuras, 15

.