“SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ STRUKTURLARI İÇƏRISINDƏ ÇOX MÜHÜM YER TUTUR”

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür.  Azərbaycanın hərbi strukturları içərisində mühüm yer tutan xidmətin yaranması, fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı məsələlərə aydınlıq gətirmək üçün hərbi ekspert Emin Həsənli suallarımızı cavablandırır:

-Sizcə müstəqil bir struktur kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması hansı zərurətdən doğurdu?

-Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə aparılan islahatlar həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycan vətəndaşlarına xidmət sahəsində ASAN XİDMƏT nümunəsi hamımızın gözünün qarşısındadır. Bu sadəcə Azərbaycan brendi olaraq mühüm deyil. Bu həm də Azərbaycanda xalqa xidmətin göstəricisidir. Hər şey şəffaf, hər şey aydın. Eyni aydınlıq, eyni şəffaflığı hərbi xidmətə çağırış və səfərbərlik məsələsində də tətbiq etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Bilirsiniz ki, vətəndaşlarla Silahlı Qüvvələr arasında körpü rolunu məhz bu xidmət oynayır. Yeniyetmələrin xidmətə hazırlanması işi məhz Səfərbərlik Xidmətinin üzərindədir. Əvvəl 16 indi isə 15 yaşında yeniyetmə oğlanların ilkin qeydə alınması, xidmətə göndərilməsi və daha sonra isə xidmətdən mülki həyata qayıdan zaman Səfərbərlik Xidməti sanmi bir körpü rolunu oynayır.

-Amma Səfərbərlik Xidmətinin fəaliyyəti təkcə həqiqi hərbi xidmətə çağırışla bitmir...

-Əlbəttə. Ehtiyatda olan zabitlər, gizirlər, çavuşlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Çernobl əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları hər biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Bu xidmət Silahlı Qüvvələrlə mülki strukturlar arasında körpü rolunu oynayır, bəzi hallarda isə bu strukturların fəaliyyətini koordinasiya  edir.  Xidmət iki mühüm işi yerinə yetirir. Bunun biri səfərbərlik, biri isə çağırışdır.

-2020-ci ildə xidmət üzərinə düşən missiyanı necə yerinə yetirdi?

-Vətən müharibəsi Səfərbərlik Xidmətinin əhəmiyyətini bir daha sübut etmiş oldu. Həmin günlərdə xidmətin üzərinə düşən əsas vəzifə xalqın səfərbərliyə hazırlanması və səfərbər olunacaq gənclərin hazırlanması məhz Səfərbərlik Xidmətinin üzərinə düşən vəzifədir. Ehtiyatda olan şəxslərin xidmətə hazırlanması çox mühümdür. Rusiya-Ukrayna müharibəsi də bunun önəmini bir daha dünyaya göstərdi. Vətən müharibəsi göstərdi ki, bu sahədə Səfərbərlik Xidmətinin işi ən yüksək səviyyədə qurulub. Vətən müharibəsində iki amil mühüm rol oynayırdı: Birincisi - xalqın vətənpərvərliyi, dövlətə, bayrağa sevgi. İkincisi – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işinin düzgün qurulması.

-İşin düzgün qurulması özünü nədə göstərirdi?

-Yarandığı ilk gündən xidmət rayon və şəhərlərdə səfərbərlik təlimləri həyata keçirir. Müdafiə Nazirliyi ilə, Dövlət Sərhəd Xidməti ilə, DİN Daxili Qoşunları ilə, yerli icra hakimiyyətləri ilə birgə təlimlər həyata keçirilirdi. Hərbi qulluqçular ixtisasları, yaşı və sair göstəriciləri əsasında qeydə alınır. Bu qeydlər elektronlaşdırılır. Yəni artıq müharibə başlayanda bəlli idi ki, ehtiyatda hansı sahənin mütəxəssisindən nə qədər var, yaşları hansı həddədir və sairə. Hansı hərbi struktur hansı hərbi mütəxəssisə ehtiyac duyacaqsa, Səfərbərlik Xidməti həmin mütəxəssis bazasından o xidmətə lazım olan hərbiçini yönəldirdi.

Zaman-zaman bu təlimlər həyata keçirilirdi, bu iş aparılırdı. Yerli icra hakimiyyəti orqanları ilə, mərkəzi icra hakimiyyəti orqanları ilə, hərbi strukturlarla bu iş aparılırdı və bəlli idi ki, harada nə qədər, hansı yaş qrupunda, hansı sahənin mütəxəssisi var.

Eyni zamanda rayonlarda maarifləndirmə aparıldığından müharibədə bu iş yüksək səviyyədə həyata keçirildi.

Qeyd edim ki, tək insan resursları yox, həm də nəqliyyat vasitələrinin də qeydiyyatı aparılmışdı. Nə qədər dövlət qurumlarında, nə qədər özəl şirkətlərdə, nə qədər fərdi şəxslərdə müharibə zamanı yararlı ola biləcək nəqliyyat vasitələrinin olduğu bəlli idi.

Dövlət qurumlarında, özəl şirkətlərdə və fərdlər arasında maarifləndirmə işinin vaxtında aparılması onunla nəticələndi ki, Silahlı Qüvvələr lazım olan nəqliyyat vasitələri ilə təmin edildi.

-Bir qədər əvvəl Səfərbərlik Xidməti ilə ASAN XİDMƏT arasında paralellər apardınız. Şəffaflıq sahəsində hansı yeniliklər var?

-Artıq hər bir şəxsdə xidmətə inam var. Xidmət yollanacaq şəxs baş idarə, yerli idarələrdən öncə bilir ki, hansı qoşun növündə, hansı hərbi hissədə xidmət edəcək. İlk məlumat şəxsin özünə gəlir. Onun mobil telefonuna mesaj gəlir. Eyni zamanda vətəndaş xidmətin saytında öz məlumatlarını daxil etməklə gələcək xidmət yeri haqqında məlumat ala bilər. Bütünlükdə bu iş şəffaflaşdırılıb. əvvəlki nöqsanlar aradan qaldırılıb. İndi insanların həm inamı var, həm də məmnunluğu var. Hazırda hərbi həkim komissiyalarının işində də şəffaflıq yaradılıb. Xidmətə müraciətlər elektronlaşdırılıb. Vətəndaşlar  qarşılaşdığı problemlərlə bağlı elektron müraciət edə bilər. Bu müraciətlərə dərhal reaksiya verilir. Yaranmış problem anındaca həll edilir.

-Xidmətin fəaliyyətinə ictimai nəzarət mexanizmləri necə qurulub?

-Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həm kütləvi informasiya vasitələri ilə, həm qeyri-hökumət təşkilatları ilə geniş əlaqələri qurulub. Bu əməkdaşlığın nəticəsidir ki, çağırış zamanı böyük tədbirlər təşkil olunur, bir bayram əhval-ruhiyyəsi yaradılır. Bu tədbirlərdə hərbi yönümlü QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri, eyni zamanda KİV rəhbərləri iştirak edir. Hərbi xidməti başa vurmuş gənclərin qarşılanması mərasimini ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təşkil edib. Bu tədbirlərin təşkilində əsas məqsəd gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.

-Ümumiyyətlə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı daha hansı tədbirlər görülür?

 -Gənclərin vətənpərvərlik tərbiyəsi Səfərbərlik Xidmətinin əsas prioritetlərindəndir. Vaxtaşırı “Vətənin müdafiəsinə hazıram” tədbirləri keçirilir. Bu tədbirlərdə məqsəd həm gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək, həm də lazım olan anda gənclərin səfərbərliyə hazır olmasıni aşılamaqdır.

Eyni zamanda hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində kütləvi informasiya vasitələri nümayəndələri arasında atıcılıq yarışları keçirilir. Mühüm günlərdə, bayram və hüzn günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tədbirlər təşkil olunur. Orta məktəb şagirdləri arasında inşa müsabiqələri keçirilir. Bu müsabiqələri təşkil etməkdə də məqsəd uşaqlara vətənpərvərlik hisslərinin aşılanması və onlarda bu duyğuları daha da yüksəltməkdir.

-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhid ailələri ilə işin təşkili barədə nə deyə bilərsiniz?

-Xidmətin şəhid ailələri ilə işi yüksək səviyyədə təşkil olunub. Hər bayramda xidmət rəisi general-polkovnik Arzu Rəhimov başda olmaqla şəhid ailələri ziyarət olunur. Bu ziyarətlərdə xidmət rəisi ilə yanaşı xidmət rəisinin müavinləri, idarə və şəbə rəisləri QHT rəhbərləri və kütləvi İnformasiya vasitələrinin baş redaktorları ilə birlikdə təşkil olunur. Onlara ehtiram göstərilir. Xidmət hər zaman şəhid ailələrinə, müharibə qazilərinə, veteranlara, Çernobl əlillərinə, Əfqanıstan müharibəsi iştirakçılarına, 20 yanvar hadisələri qurbanlarının ailə üzvlərinə, Xocalı faciəsi qrbanlarına həmişə diqqət və qayğı ilə yanaşır. Onların müraciətləri dərhal baxılır. Xidmətə aid olan problemlər dərhal aradan qaldırılır. Digər qurumlara bağlı olan problemlər dərhal həmin qurumlar qarşısında qaldırılır.

Bayram günlərində xidmət əməkdaşları öz evlərindən əvvəl şəhid ailələri və qazilərin evlərinə baş çəkir. Bunun çox böyük mənəvi-psixoloji əhəmiyyəti vardır.

Həm aprel döyüşlərində, həm Vətən mühariubəsində Səfərbərlik Xidməti əməkdaşları şəhidlərin dəfn mərasimlərinin təşkilində yaxından iştirak edib. Çətin anlarda onların ailələrinin yanında olub. Və bu təkcə həmin dövrdə olmayıb. Şəhidlərin ildönümlərində də xidmət bu qayğını, diqqəti göztərib və göstərməkdə də davam edir. Xidmət rəisindən tutmuş xidmətin bütün kollektivi daim bu məsələdə öz həssaslıqlarını göstərirlər.

-Son olaraq nə demək istərdiniz?

-13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günüdür. Əvvəla bu münasibətlə xidmət əməkdaşlarını təbrik edirəm. Və bir daha bildirmək istəyirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi strukturlar içərisində çox mühüm bir yer tutur. Bu mühüm iş Azərbaycan dövləti üçün çox önəmlidir. Əminəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşları bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları layiqincə yerinəm yetirəcək və Azərbaycan Silahlı Qüvvələrində gedən islahatların aparıcı qüvvəsi olacaqdır.

Herbiand.az

.