
Latviya Dövlət Dili Mərkəzi (VVC) deputat Aleksey Roslikova parlament tribunasından rus dili ilə bağlı təxribat xarakterli bəyanatlarına görə inzibati icraat başladıb.
Bu barədə “Report” VVC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Mərkəzdən bəyan edilib ki, Roslikov yeganə dövlət dili kimi latış dilinə hörmətsizlik edib, eyni zamanda, onun Latviya cəmiyyətindəki rolu barədə təhqiramiz fikirlər səsləndirib.
Bəyanatda vurğulanır ki, bu cür ritorika cəmiyyətin birliyini və dövlətin fundamental dəyərlərini təhdid edir.
Mərkəzin direktoru İnese Muxka deputatın davranışını siyasi və mənəvi cəhətdən qəbuledilməz adlandırıb. O, həmçinin vurğulayıb ki, bu, latış dilinin Konstitusiyada təsbit olunmuş statusuna qəsdən zərbə vurmaqdır.
Muxka bildirib ki, deputata qanunda nəzərdə tutulmuş ən sərt cəza verilməlidir.
Xatırladaq ki, iyunun 5-də “Sabitlik!” partiyasının lideri Aleksey Roslikov Latviya parlamentinin iclasında çıxış edərək rus dili ilə bağlı təxribat xarakterli bəyanatlar verib, üstəlik həmkarlarına nalayiq jest edib. Deputatın bəyanatına cavab olaraq, parlament sədri Dayqa Mierinya Roslikovun iclas zalından çıxarılması üçün səsvermə keçirildiyini açıqlayıb - qərarı 63 deputat dəstəkləyib və o, məkanı tərk edib.
.