ABŞ Konqresinin respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra "Newsmax"da dərc etdiyi məqaləsində Azərbaycanın geosiyasi əhəmiyyətindən və regionda oynadığı roldan bəhs edib.
Konqresmen Azərbaycanın dünyanın ən strateji mövqeyə malik ölkələrindən biri olduğunu vurğulayıb.
"Azərbaycan Vaşinqtonun gündəmində hər zaman ön planda olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir", - deyə Hamadeh qeyd edib.
Konqresmen yazır ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Rusiya və İranla həmsərhəd olan Azərbaycan enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.
O, Azərbaycanın Avropanın enerji müstəqilliyinin gücləndirilməsi, ticarət marşrutlarının genişləndirilməsi və qeyri-sabit regionda sabitliyin təmin edilməsində getdikcə daha mühüm rol oynadığını vurğulayıb.
Hamadeh məqaləsində Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunaraq qeyd edib ki, Donald Trampın rəhbərliyi dövründə tərəflər davamlı və uzunmüddətli sülhə nail olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.
"Bu tarixi irəliləyiş iqtisadi inkişaf, regional sabitlik və yalnız sülh şəraitində mümkün olan uzunmüddətli rifah üçün yeni imkanlar yaradır", - deyə o vurğulayıb.
Konqresmen qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan tarixi sülh sazişi davamlı beynəlxalq dəstək və iştirak tələb edən siyasi çərçivə formalaşdırır.
"Belə həlledici məqamda ABŞ-ın prosesdən kənarda qalmaq imkanı yoxdur", - deyə Hamadeh əlavə edib.
Qeyd edək ki, respublikaçı konqresmen Abe Hamadeh 2025-ci ildən ABŞ Konqresində Arizona ştatının 8-ci konqres dairəsi üzrə nümayəndə kimi fəaliyyət göstərir.
.
