
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Yenizaman.az-ın məlumatına görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum bu il 10 müsabiqə elan edib, onlardan üçü Fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu" və " Azərişıq" ASC-lərlə birgə keçirib: "Bu il "Multikulturalizm ili" ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil olunub".
V.Səfərli qeyd edib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib elan edilib. 100 qalib yazının kitab halında çap olunduğunu deyən KİVDF rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb. Kitabda 57 müəllifin yazısı dərc edilib.
O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub və həmin yazılardan 114-ü qalib elan edilib.
Daha sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, budəfəki müsabiqəyə təqdim olunan yazıların keyfiyyətində irəliləyiş müşahidə edilir: "Lakin bəzi jurnalistlər araşdırma aparmadan ayrı-ayrı nazirliklərin rəsmi informasiyalarını yazı stilinə salıb. Yazının 90 faizinin rəsmi məlumatlara əsaslanması qüsurlu haldır".
Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli müsabiqəyə təqdim olunan yazılarda inkişaf tempinin müşahidə olunduğunu dilə gətirib: "Lakin yazılarda fərdi üslubun olmaması məni narahat edir. Ən aşağı qiymət verdiyim yazılarda problem dil və üslubla bağlıdır. Jurnalistlərin bədii ədəbiyyata meyllənməsini tövsiyə edirəm".
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli region mediasının təmsilçilərinin müsabiqədə fəallıq göstərdiyini qeyd edib: "Hazırlanan materiallarda keyfiyyət yüksəlişi müşahidə edilir".
Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu 2016-cı ildə media tarixində əlamətdar hadisələr yaşandığını vurğulayıb: "Azərbaycan mediası 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra ilk dəfə qələbə xəbərini yazdı. Arzu edirəm ki, gələn il Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu daha böyük qələbələr qazansın və mediamız bundan yazsın".
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.




















