
Azərbaycan Dövlət Pedaqoji Universitetində şair Zahid Xəlilin 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovanın təşəbbüsü və Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən “Bizim bağçamıza bir çəmən düşüb, Sürüşüb baharın çiynindən düşüb” adlı tədbirdə respublikanın tanınmış mədəniyyət və elm xadimləri, şair və yazıçılar, mətbuat nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbiri Giriş sözü ilə açan ADPU-nun rektoru prof. Cəfər Cəfərov şair-yazar, pedaqoq, ədəbiyyatşünas alim Zahid Xəlilin yaradıcılığının çağdaş Azərbaycan uşaq ədəbiyyatının zəngin bir səhifəsi olduğunu vurğulamış, pedaqoji kadrların yetişdirilməsində elmi-metodik fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu Zahid Xəlilin yaradıcılıq yoluna nəzər salmış, hər üç ədəbi növdə bənzərsiz uşaq ədəbiyyatı nümunələri yaradan şairin əsərlərinin mövzu dairəsinin genişliyindən danışmışdır. Pedaqogika üzrə fəlsəfə doktoru, dos. Bilal Həsənli Zahid Xəlil yaradıcılığında uşaq dünyasının bədii boyalarla tərənnümündən, prof. Yaqub Babayev şairin bu gün də özünü sətirlərdə yaratdığı dünyanın – uşaq dünyasının bir üzvü kimi hiss etməsindən danışmışdır.
Tədbirdə iştirak edən qonaqlardan Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl çıxış edərək Zahid Xəlilin təqdimində hər uşaq obrazının səciyyəvi cizgilərlə yadda qalmasından, əlinə qələm aldığı gündən uşaq dünyasının sehrinə vaqif olmasından, bu dünyanın acısını, şirinini, səmimiliyini, hiyləsini təbii, real verməyə müvəffəq olmasını qeyd etmişdir. AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun Elmi katibi, dos. Aygün Bağırlı akad. İsa Həbibbəylinin təbrik məktubunu tədbir iştirakçılarına və yubilyara çatdırmış, institutun layiq gördüyü “Abdulla Şaiq” mükafatını Zahid Xəlilə təqdim etmişdir.
Tədbirin rəsmi hissəsi Filologiya fakültəsi “Meh” ədəbi dərnəyinin üzvləri tərəfindən davam etdirilmişdir. Tələbələrin ifasında şairin şeirləri, şeirlərinə bəstələnən mahnılar, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan ordusunun qələbəsinə həsr etdiyi “Dəmir yumruq” dastanından bədii qiraət nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Beynəlxalq Əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova Zahid Xəlilin şeir və hekayələrində hər şeydən əvvəl, uşaqların əxlaqi-estetik tərbiyəsini düşündüyünü, onların uşaqların kiçik yaşlarından ədəb-ərkanlı, səxavətli, qənaətcil, böyük-kiçik yeri bilərək böyümələrini xidmət etdiyini, yazıçının orta məktəbin ibtidai sinif dərsliklərinə salınmış mətn və hekayələrində millətçilik, soykökünə bağlılıq, humanizm, inam kimi əxlaqi dəyərlər aşılandığını uşaq ədəbiyyatının böyük missiyası adlandırmışdır. Azərbaycanın tanınmış elm və sənət adamlarını kiçikyaşlı oxucularına Zahid Xəlilin maraqlı süjetə malik kiçik hekayələrlə tanıtımı, ulu öndər Heydər Əliyev, M.Ə.Sabir, M.F.Axundzadə, C.Cabbarlı, S.Vurğun, C.Məmmədquluzadə və başqalarının həyat yolu ilə bağlı qələmə alınan maraqlı əhvalatların artıq ibtidai siniflərdən uşaqların yaddaşında dərin iz qoyduğunu Mahirə Hüseynova Zahid Xəlilin həm də 60 illik pedaqoji təcrübəsinin izi, möhürü kimi qiymətləndirmişdir.
ADPU rəhbərliyi adından prof. Mahirə Hüseynova şair Zahid Xəlili Fəxri Fərmanla təltif etmişdir. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.
Nazilə Abdullazadə
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri