Orta Dəhlizin inkişafında nəqliyyat-ekspeditor şirkətlərinin rolunun artırılması, tranzit müddətinin proqnozlaşdırıla bilməsi və əks istiqamətdə yüklənmənin təmin edilməsi əsas məsələlərdəndir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyası İdarə Heyətinin sədri Kamran Həbibov “Qara Dəniz və Xəzər Yükdaşımaları Forumu 2026” çərçivəsində deyib.

Onun sözlərinə görə, əks istiqamətdə yüklənmənin təmin olunması hazırda Orta Dəhliz üçün əsas çağırışlardan biridir.

Kamran Həbibov bildirib ki, dünya ticarətində əsas tələblərdən biri vaxt, digəri isə təhlükəsizlikdir. Bu baxımdan dəhliz üzrə tranzit müddətinin daha proqnozlaşdırıla bilən olması vacibdir.

O qeyd edib ki, Orta Dəhliz üzrə irəliləyiş müşahidə olunsa da, xüsusilə Xəzərdə gəmi çatışmazlığı müəyyən məhdudiyyətlər yaradır. Onun sözlərinə görə, donanmanın 2030-cu ilədək əhəmiyyətli dərəcədə genişləndirilməsi bu problemin həllinə töhfə verə bilər.

Assosiasiya sədri vurğulayıb ki, yük həcmlərinin artması ilə infrastrukturun üzərinə düşən yük də artır. Bu səbəbdən infrastruktur sahibləri və nəqliyyat-ekspeditor şirkətləri arasında koordinasiyanın gücləndirilməsi, əvvəlcədən proqnozların hazırlanması və bütün məntəqələrdə buraxılış qabiliyyətinin artırılması zəruridir.

Kamran Həbibov həmçinin yüklərin hərəkətini izləməyə və proqnozlaşdırmağa imkan verən vahid rəqəmsal platformanın yaradılmasının vacibliyini qeyd edib.

O bildirib ki, belə bir platforma Xəzərdə hava şəraitinin daşımalar üzrə mümkün təsirlərini və gecikmələri əvvəlcədən proqnozlaşdırmağa imkan verə bilər. Bu isə müştərilərə daşımalarını daha səmərəli planlaşdırmağa və Orta Dəhlizə olan etimadı artırmağa şərait yaradacaq

.