Qırğızıstan Prezidenti Sadır Japarov və ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi, ABŞ-nin Hindistandakı səfiri Sercio Qor Bişkekdə keçirilən görüşdə 2027-ci ildə "Mərkəzi Asiya + ABŞ" (C5+1) formatında dövlət başçılarının ikinci sammitinin keçirilməsi perspektivlərini müzakirə ediblər.
Bu barədə "Report" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər həmçinin Qırğızıstan-ABŞ münasibətlərinin gələcək inkişafını, siyasi dialoqun möhkəmləndirilməsini, eləcə də ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.
C5+1 çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
Bundan başqa, Japarov iqtisadi əməkdaşlığın, eləcə də Qırğızıstan və ABŞ biznes nümayəndələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş "B5+1" platformasının inkişafının vacibliyini qeyd edib.
Qırğızıstan Prezidenti həmçinin ölkə vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi, o cümlədən viza depozitinin (visa bond) ödənilməsi tələbinə yenidən baxılması mümkünlüyü məsələsini qaldırıb.
Sercio Qor Qırğızıstan-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Görüşün sonunda Japarov ABŞ Prezidenti Donald Trampa salamlarını çatdırıb və Ümumdünya Köçəri Oyunlarında iştirak edən amerikalı idmançılara uğurlar arzulayıb.
.
