İsraillə Qəzza sektoruna nəzarət edən "Həmas” qruplaşması arasında gedən bir aylıq döyüşlər gözlənildiyi kimi növbəti pat vəziyyəti ilə yekunlaşmaq üzrədir.
Virtualaz.org saytı xəbər verir ki, bu gün səhərdən başlayaraq İsrail ordusunun quru qüvvələri və tankları Qəzza sekorundan çəkilməyə başlayıb.
Geri çəkilmə Misirdə "Həmas”la İsrail arasında sülh danışıqlarının başlaması ərəfəsində baş verir. Tərəflər danışıqlara başlamaq üçün döyüş əməliyyatlarında fasilə elan ediblər.
İsrail ordu radiosu xəbər verir ki, Qəzza sektorundan geri çəkilən qüvvələr bölgəyə yaxın ərazilərdə dislokasiya olunublar və hər ehtimala qarşı sərhədə yaxın nöqtələrdə mövqe tutublar.
Qəzza sektoruna yaxın İsrail qəsəbələrində piyada birlikləri yerləşdirilib, həmçinin istehkamçılar, tank və artilleriya birləşmələri sərhədə yaxın ərazilərdə mövqe tutub. İsrail ordusu bildirir ki, qarşıya qoyulmuş vəzifə yerinə yetirilib - Qəzza sekorundan İsrail ərazisinə aparan tunellərin hamısı dağıdılıb. Bu tunellərin dağıdılması 30 gün davam edən "Sarsılmaz qaya” əməliyyatının əsas məqsədi idi.
İsrail ordusu bildirir ki, bir aylıq döyüşlərdə 64 hərbçisini itirib. Qəzza sektorunda ölənlərin sayı isə 1800-ə yaxındır. Fələstin tərəfi onların əksəriyyətinin dinc sakinlər olduğunu bildirir. İsrail isə ölənlərin 1000-ə yaxının "Həmas” və "İslami cihad” yaraqlıları olduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu qoşunların Qəzza sektorundan çəkilməsindən əvvəl bəyan edib ki, "Sarsılmaz qaya” əməliyyatı gözləmədikləri halda uğurla başa çatıb.
"Biz bu təhdidlərin, yəni tunellərin dağıdılması üçün əlimizdən gələni etdik, ancaq əvvəlcədən demişdim ki, uğur əldə etməyə təminat yoxdur” - deyə Netanyahu bildirib.
Əslində İsrail ordusunda etiraf edirlər ki, "Həmas”ın bütün tunellərini dağıtdıqlarına əmin deyillər. İsrail ordusunun sözçüsü, briqada generalı Moti Almoz yeni tunellərin aşkar oluna biləcəyini istisna etməyib. Deyib ki, bu halda İsrail ordusu ləngimədən həmin tunellərə zərbə endirəcək.
"Həmas” isə İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını öz bildiyi kimi interpretasiya edib. Təşkilatın nümayəndələri bildiriblər ki, onlar İsrail əsgərlərini geri çəkilməyə məcbur etdilər.
"İsrail yüz faiz fiaskoya uğradı” - deyə "Həmas” bildirir.
İsraillə "Həmas” arasında bundan əvvəlki iki müharibədə də elə beləcə başa çatmışdı. İsrail ordusu "Həmas”ın hərbi potensialına zərbə vursa da ona qalib gələ bilməmişdi. İndi də İsrail ordusunun havadan və qurudan genişmiqyaslı hücumlarına baxmayaraq "Həmas” hər gün İsrail ərazisinə raketlər atıb. Başqa sözlə, qruplaşma hərbi potensialını saxlayır və əldə olunacaq atəşkəs razılaşmasından istifadə edərək növbəti müharibəyə hazırlıq görə bilər.
Gözlənilir ki, Misir danışıqları iki həftə davam edəcək. Danışıqlarda münaqişənin uzunmüddətli həllinin tapılması yolları müzakirə olunmalıdır. Tərəflər danışıqlar müddətində hərbi əməliyyatları dayandırmağa razılaşıblar. Nümayəndə heyətlərinin artıq Qahirədə olduğu bildirilir.
"Həmas”ın hərbi qanadı bildirir ki, danışıqların nəticəsindən asılı olmayaraq "sionist rejimlə” mübarizə davam edəcək.
Xatırladaq ki, "Həmas”la İsrail arasında üçüncü müharibə İordan çayının qərb sahilində, işğal altındakı Fələstin ərazilərində üç yəhudi yeniyetmənin oğurlanaraq öldürülməsindən sonra iyulun 8-də başlamışdı.
.