"The Washington Post” qəzeti İŞİD-in istifadə etdiyi "yeni silah növü”ndən söhbət açır. Məqalədən bəlli olur ki, bu qanlı terror təşkilatı nəzarətində olan su anbarlarından İraqın şiə əhalisinə su vermir. İraq kimi isti ölkədə suyun nə demək olduğunu düşünün. İŞİD Yezid roluna girib bu alçaqlığa da əl atdı...
Məqalədə deyilir ki, Sincar şəhəri bazar günü işğal olunan kimi edamlar başladı. Sonra insanlara dedilər ki, ya dininizi dəyişib bizim kimi olacaqsız, ya da sizləri öldürəcəyik. İŞİD-in qara bayrağı görünən kimi minlərlə insan ev-eşiyini qoyub qaçır. Cihadçılar törətdikləri cinayətləri sosial mediada geniş yaymaqdan da çəkinmirlər.
Onlar videoda göstərirlər ki, İraqın şimal-qərbindəki Sincar şəhərində şiələrə məxsus piri necə göyə sovururlar. Başqa biri isə gözübağlı insanların asılması səhnəsini paylaşır. Uca binanın damına qalxıb oraya İŞİD-in qara bayrağını sancıb havaya tapançadan atəş açanlar da özlərini nümayiş etdirirlər. Sincar şəhər valisinin kabinetinə daxil olan cihadçılar orada çəkdikləri fotoları da sosial şəbəkələrə yerləşdirirlər.
Son xəbərlərə görə, BMT-nin hesabatına görə, bölgədən qaçanların sayı yüz minlərlədir. Təşkilat vəziyyəti "humanitar faciə” kimi dəyərləndirib. İŞİD kürdlərin fəxr etdiyi hərbi birləşmələri darmadağın edib. BMT-nın bölgədəki təmsilçisi Loveday Morris deyib ki, vəziyyət dəhşətlidir.
27 yaşlı İlyas əl-Hüseyn "The Post”a deyib ki, onlar vəhşidirlər: "Biz artıq görmüşük ki, onlar öz dindaşları ilə neçə rəftar edirlər. Düşünün ki, onların əlinə düşsək bizim-qeyri-müsəlmanların aqibəti necə ola bilər".
Qəzet bildirir ki, İraq Şam İslam Dövləti lideri Ebubəkir əl Bağdadi müəmmalı tipdir. İraqda ən böyük olan Mosul Su anbarı hazırda onun əlindədir. Kürdlər elə bir müqavimət göstərmədən öz mövqelərindən çəkiliblər. İraq dövlət televiziyası belə deyib.
ABŞ Dövlət Departamenti sədrinin İraq və İran üzrə köməkçisi Brett McGurk Amerika parlamentində deyib: "İŞİD sadə terror təşkilatı deyil. Onlar "əl-Qaidə"dən də pisdirlər. Onlar Dəclə və Fərat çayları arasında öz hökumətlərin qurmağa çalışırlar”.
İŞİD Suriyanın üçdə birinə nəzarət edir. Suriyanın Raqqah şəhəri İraq Şam İslam Dövlətinin paytaxtı elan olunub.
Hərbi ekspert Canin Davidson deyir ki, İŞİD hazırda böyük bir əraziyə və onun təbii ehtiyatlarına nəzarət edir. Tarixdə ilk dəfədir ki, terror təşkilatı belə bir irimiqyaslı əməliyyatdan uğurla çıxıb. Əgər onlar beləcə öz ərazilərini genişləndirməkdə davam etsələr, deməli, bu regiondan çox-çox uzaqlarda da sabitliyin pozulmasına təsir edə bilər...
Məqalədə deyilir ki, İŞİD milyonlarla dəyəri olan qədim mədəniyyət nümunələrini oğurlayaraq satışa çıxarır. Banklardan 100 milyon dollarlarla pul aparıb. Homs şəhəri yaxınlığında Suriyanın iri qaz yatağını ələ keçirib. Qara bazara çıxardığı neftdənsə gündəlik 3 milyon dollar qazanır...
Bundan başqa, İŞİD öz iqtisadiyyatını qurmağa çalışır, vergi toplama işinə xüsusi diqqət verir.
Qəzet bildirir ki, bu kimi hədəflərə çatmaq üçün İŞİD Mosul Su Anbarından istifadə etməyi düşünür. Su anbarı İraq üçün son dərəcə önəmlidir. Burada milyon kilovatlarla elektrik enerjisi istehsal olunur. Amma su anbarı partlaya da bilər. Yaranan daşqın isə böyük insan fəlakəti ilə nəticələnə bilər.
Ən pisi odur ki, terrorçular suyu terror vasitəsinə çevirmək istəyirlər. Artıq belə hallar qeydə alınıb. İŞİD su anbarını istiqamətləndirməklə böyük şəhərləri su altında qoya bilər, ya da onlar əkin sahələrinə verilən suyu tamam kəsə bilərlər.
Bu ilin əvvəlində onlar Falucadakl Su anbarını da ələ keçirmişdilər. Terrorçular su anbarındakı 10 darvazadan 8-ni qapatdılar. Bununla da yerli insanların su müqabilində onlara baş əyməsini istədilər. Onlar suyu silah kimi istifadə edilər. Susuzdan yanan insanlar İŞİD-in cinayətləri qarşısında susmalı olurlar.../musavat.com/
.
