İraqın ikinci ən böyük şəhəri Mosulun "İraq Şam İslam Dövləti”nə (İŞİD) bağlı yaraqlılar tərəfindən ələ keçirilməsindən sonra bu şəhərin əhalisi panika içində evlərini tərk edir.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda 2 milyona yaxın əhalisi olan şəhərdən 150 mindən çox dinc sakin qaçıb. On minlərlə qaçqın Kürdüstan muxtar vilayətinin ərazisində onlar üçün salınmış çadır şəhərciklərində yerləşdirilib.
Kürd muxtariyyətinin baş naziri Neçrivan Bərzani BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığından təcili yardım xahiş edib.
Xəbərlərə görə, Mosuldan dinc əhali ilə yanaşı şəhər rəhbərliyi, hətta ordu birləşmələri də qaçır. Bu fakt sakinləri xüsusilə şoka salıb.
Polis və ordu mənbələri bildirir ki, hökumət bölmələri sünni yaraqlılarla son döyüşlərdəki məğlubiyyətdən ruhdan düşüblər və şəhəri döyüşsüz tərk edirlər.
"Röyter”ə danışan zabit deyib ki, Mosula hücum edən yaraqlılara qalib gəlmək praktiki olaraq mümkün deyil: "Onlar küçə döyüşləri üçün yaxşı hazırlıq keçiblər. Bizə bütöv ordu lazımdır ki, onları Mosuldan qovaq. Onlar xəyalət kimidir, qəfildən peyda olur, zərbə endirir və bir neçə saniyə içində yoxa çıxırlar”.
Mosul şəhəri İraqın şimalında bir neçə aydır ki, sünni yaraqlılarının nəzarətində olan Naynava əyalətində yerləşir. Son bir neçə gündə gedən döyüşlərdə yüzlərlə insan öldürülüb.
Döyüşlərin beşinci günündə İŞİD yaraqlıları Mosulu tutublar, onlar şəhərin inzibati binalarına, strateji obyektlərə, ordu kazarmalarına, banklara nəzarət edirlər. Polis məntəqələri yandırılıb, hökumət məmurları qaçıblar.
Həbsxanalar boşaldılıb. İraq parlamentinin spikeri Üsamə əl-Nucayfi baş verənləri "faciə” adlandırıb.
Xatırladaq ki, İraqda sünni yaraqlılarının Bağdaddakı şiə hökumətinə qarşı revanşı ötən ilin dekabrından başlayıb. Suriyadakı qanlı vətəndaş müharibəsində yaxşı döyüş təcrübəsi qazanmış İŞİD yaraqlıları ölkənin sünni əyalətlərindən olan və Suriya ilə sərhəddə yerləşən əl-Anbar bölgəsini tutublar.
İraq ordusunun onları əyalətdən vurub çıxarmaq cəhdləri nəticəsiz qalıb. Anbar bölgəsində möhkəmlənən İŞİD yaraqlıları yeni ərazilər tutumaq üçün hücuma keçiblər və əhalisinin əksəriyyəti kürdlər olan Mosula hücuma keçiblər.
Xəbərlərə görə, Mosulda möhkəmlənəndən sonra İŞİD yaraqlıları hücumlarını davam etdirməyə və yeni ərazilər tutmağa hazırlaşırlar. Onların hədəfində əhalisinin əksəriyyəti türkmənlər olan neftlə zəngin Kərkük şəhəri də var. Bu şəhər hazırda kürd muxtariyyətinin nəzarətindədir.
Lakin analitiklərin qənaətinə görə, Bərzaninin ordusu Suriya döyüşlərində kifayət qədər təcrübə qazanmış İŞİD yaraqlılar qarşısında uzun müddət tab gətirə bilməz.
Qeyd edək ki, İŞİD yaraqlıları Suriyada xüsusi qəddarlıqları və amansızlıqları ilə fərqlənirlər. Onların nəzarətində olan bölgələrdə qatı şəriət qaydaları hökm sürür, İŞİD yaraqlıları tez-tez məhkəmələr quraraq "şəriətə əməl etməyənlərin” başlarını kəsirlər, yaxud hamının gözü qarşısında güllələyib öldürürlər.
İraq polisindəki mənbələr bildiriblər ki, ölkənin şimalındakı yaşayış məntəqəsini tutanların arasında çoxlu sayda suriyalı yaraqlı var. İŞİD yaraqlıları Suriyanın qərbi ilə İraqın şimal-şərqini vahid döyüş meydanına çevirməyə, orada öz dövlətlərini qurmağa çalışırlar.
İraqda 10 ildən çox davam edən müharibəni faktiki olaraq uduzaraq öz qoşunlarını bu ölkədən çəkən ABŞ baş verənləri bütün region üçün təhlükə adlandırıb.
Dövlət Departamentinin rəsmisi Ceyn Psaki bildirib ki, ABŞ İraq hökumətinə yaraqlıları Mosuldan çıxarmaq üçün kömək göstərəcək. İraq baş naziri Nuri əl-Maliki isə parlamentə müraciət edərək ona əlavə səlahiyyətlər verməyə, terrorçulara qarşı qətiyyətli addımlar ata bilmək üçün bütün siyasi qüvvələri ortaq mövqedən çıxış etməyə çağırıb.
Lakin Nuri əl-Malikinin hökumətinin sünni liderlərdən dəstək ala biləcəyi ciddi şübhə doğurur. Analitiklərin qənaətinə görə, çox keçmədən İraq da Suriya kimi qanlı məzhəb müharibəsinin getdiyi ölkəyə çevriləcək.
.