Hörmüzlə bağlı yeni təhlükəsizlik protokollarının və ekoloji tələblərin tətbiqi istisna edilmir.
Bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehran–Vaşinqton gərginliyi fonunda Hörmüz boğazı və mümkün sülh danışıqları ilə bağlı suala cavabında deyib.
O, İran ABŞ arasında hazırkı məqsədin uzunmüddətli və sabit razılaşma olduğunu qeyd edib:
“Müharibəni bitirmək istəyirik. Biz heç bir müvəqqəti atəşkəsi qəbul etmirik. Diplomatik danışıqlar başladıqdan sonra yenidən müharibənin davam etməsi qəbuledilməzdir. Hazırda Tehranda aparılan danışıqlar, həyata keçirilən vasitəçilik də məhz bu məqsədə xidmət edir”.
O bildirib ki, Hörmüz boğazı strateji bir yerdir və su yolu tarixən açıq olub və gələcəkdə də açıq qalmalıdır. Bununla yanaşı, yeni təhlükəsizlik protokollarının və ekoloji tələblərin tətbiqi istisna edilmir.
Nazir müavini əlavə edib ki, münaqişə başa çatarsa və tərəflər “ədalətli və balanslı şərtlərlə” razılaşmaya gəlsələr, Hörmüz boğazı gələcəkdə sülh və sabitlik simvoluna çevrilə bilər.
.
