İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dair bir neçə mərhələdən ibarət danışıqlar Tehranda keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, görüşlərdə hər iki ölkənin xarici işlər nazirinin müavinləri iştirak ediblər.

Bəqai bildirib ki, danışıqlar zamanı tərəflər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin ümumi prinsipləri və praktiki mexanizmləri barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı həm İranın, həm də Omanın suveren hüquqlarına hörmət edilməsi məsələsi xüsusi vurğulanıb.

Onun sözlərinə görə, tərəflər bu istiqamətdə texniki məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir. Son aylarda bölgədə baş verən hərbi gərginliklər və ABŞ ilə İran arasında münasibətlərin pisləşməsi fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

.