Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb.

Dövlətimizin başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir”.

Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mənim Sizin rəhbərliyinizlə Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanım olub”.

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var

Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.

Sabah Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklərini bildirən dövlətimizin başçısı qeyd edib: “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm”.

Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.

Prezident: Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər

Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz nəqliyyat-logistika sahəsində yük axınının gücləndiyini, ən başlıcası, bu istiqamətdə əməkdaşlıq potensialının artdığını görürük. Biz bu gün bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər öncədən müəyyən edəcək məsələləri müzakirə etdik”.

.