Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat veriblər.

Azərbaycan prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, bina stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospitalın 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.

Dövlət başçısı və xanımı burada çalışan xarici həkimlərlə görüşüblər, onlarla söhbət ediblər.

Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir. Bu mütəxəssislər dünyada öz sahələri üzrə məşhur olan tanınmış tibb işçiləridir. Burada çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.

Hospitalın şüa diaqnostika-radiologiya şöbəsi də ən müasir tibbi avadanlıqla təchiz olunub. Rentgen, MRT, kompüter tomoqrafiya və ultra səs müayinəsi avadanlığının quraşdırıldığı şöbə çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətlərini təklif edir. Burada xəstələrə rəqəmsal radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər də göstəriləcək.

Diqqətə çatdırılıb ki, müəssisənin kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.

Bildirilib ki, Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.

Azərbaycan prezidentinə və birinci xanıma məlumat verilib ki, palatalarda xəstələrin müalicəsinin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb.

Beynəlxalq hospitalın ürək-damar cərrahiyyəsi şöbəsi ən müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz edilib. Burada açıq ürək cərrahiyyəsini yerinə yetirmək mümkündür. Bundan başqa, şöbədə ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar yerinə yetirilir. Əməliyyatxanada quraşdırılan avadanlıq bu sahədə dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Hospitalda ümumilikdə 70-dən artıq tibbi avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmənin təmin edilməsinə şərait yaradır.

Tibb müəssisəsinin ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin rahatlığı üçün reanimasiya otaqları bir-birindən ayrı təşkil olunub.

Bona Dea Beynəlxalq Hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və birinci xanım tibb ocağının kollektivi ilə görüşüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalın təcili tibbi yardım şöbəsi ilə də tanış olublar.

Məlumat verilib ki, Təcili tibbi yardım şöbəsi Azərbaycanda ilk dəfə olaraq "Mercedes-Benz” markalı ən yeni model iki reanimobil və bir transporter avtomobili ilə təchiz edilib.

Hospitalla tanış olan dövlət başçısı və birinci xanım tibb ocağının kollektivinə uğurlar arzulayıblar.
.