2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II və III ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin sayı müəyyənləşib.
Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.
Jurnalda qeyd edilib ki, II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri İqtisadiyyat (680), Turizm işinin təşkili (550), Maliyyə (550) və Mühasibat (500) ixtisasları üzrə ayrılıb. Marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.
Məlumata görə, III ixtisas qrupu üzrə ümumilikdə 4218 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri hüquqşünaslıq (600) və xarici dil müəllimliyi (460) ixtisasları üzrə ayrılıb. Bu qrup üzrə ən az dövlət sifarişli plan yeri isə ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 25 dövlət sifarişli yer nəzərdə tutulub. Müsabiqəyə (həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Qeyd edilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyat üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Regionşünaslıq (regionlar üzrə) Muzey, arxiv işi və abidələrin qorunması, sosial iş, ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.
IV ixtisas qrupunda ən çox dövlət sifarişli yer Tibb ixtisasına ayrılıb
2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə IV və V ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin sayı müəyyənləşib.
Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.
Jurnalda qeyd edilib ki, IV ixtisas qrupu üzrə ümumilikdə 3 446 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri isə Tibb (850) və Baytarlıq təbabəti (260 yer) ixtisaslarına ayrılıb. Bu qrupda ən az dövlət sifarişli plan yeri Bitki mühafizəsi ixtisası üzrədir. Bu ixtisas üzrə cəmi 50 dövlət sifarişli yer ayrılıb. Müsabiqəyə (həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Məlumata görə, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Qeyd edilib ki, Ekologiya ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır. Bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisasları üzrə həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Jurnalda qeyd edilib ki, V ixtisas qrupu üzrə ümumilikdə 1543 dövlət sifarişli plan yeri ayrılıb. Bu qrup üzrə ən çox dövlət sifarişli plan yeri Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (190), Təsviri incəsənət müəllimliyi (180) və İnstrumental ifaçılıq (160) ixtisasları, ən az yer isə Bəstəkarlıq ixtisası (10 yer) üzrə ayrılıb.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbul qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanının birinci mərhələsi üzrə topladığı ümumi balı əsasında aparılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasların komissiyalar üzrə bölgüsü və qeydiyyat zamanı nəzərə alınan şərtlər “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.
Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.
.
