Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

 

Yenizaman.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı üzrə sədri Tağı Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi elan olunub.


Jurnalistlərə açıqlama verən Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz edib: "Biz əvvəlcədən hansı epizodlar üzrə işə baxılacağını bilmirdik. Bu barədə məlumat verilməmişdi. Çünkü cinayət işinin cildləri çox olduğu üçün onu özümüzlə gəzdirmək mümkün deyildi. Buna görə də məhkəmənin təxirə salınmasını istədik”.

 

Məhkəmə günün ikinci yarısına qədər təxirə salınıb. Günün ikinci yarısında davam etdiriləcək iclasda Tağı Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi gözlənilir.

 

Sadiq Rəsulovun sözlərinə görə, müvəkkilinin səhhəti yenə məhkəmədə pisləşib.

 

.