"Hər şey müqayisədə çox gözəldir, hər şeyə müqayisədə baxılmalıdır”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında 190 manat yardımın nə dərəcədə yetərli olması ilə bağlı sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev qeyd edib ki, bütün dövlətlərdə bu tədbirlər həyata keçirilmir: "Biznesə, məşğulluğa dəstəklə bağlı 2,5 milyard manat ayrılıb. Vəziyyət qiymətləndirilir, buna uyğun da addımlar atılır”.
İbrahim Məmmədov: "Dövlət maskaların qiymətinin optimal olmasına çalışır”
"Bazar iqtisadiyyatında qiyməti tələb-təklif amilləri müəyyənləşdirir. Amma indi ölkədə elə situasiyadır ki, tələb və təklifə görə maskaların qiymətinin artması ehtimalı var, çünki tələb çox yüksəkdir. Amma dövlət çalışır ki, qiymət artmasın, bu səbəbdən də maskalarla bağlı optimal qiymət qalacaq”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, qiymətlərlə bağlı ən yaxşı yol istehsalı artırmaqdır. Onun sözlərinə görə, yeni müəssisənin maksimal gücü gündə 200 min maska istehsal etməkdir: "Bu gün apteklərə gündəlik 450 min maska paylanır. İstehsalı artırmaq imkanı var. Evdə qalmağa əməl ediləndə, küçəyə çıxmayanda, maska və dezinfeksiya məhsullarına tələb azalar. Məsuliyyət təkcə dövlətin üzərində, məsuliyyətinə deyil”.
İndiyə qədər cəmi 1 tibb işçisi koronavirusa yoluxub.
Bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı qeyd edib ki, tibb müəssisəsində orta tibbi personalı öz işinə məsuliyyətsiz yanaşanda belə hallar baş verir: "Amma bu risklər tibb işçilərini daim gözləyir. Biz riskli halları idarə edirik, yaşlı əməkdaşları daha təhlükəsiz halda işlətməyə çalışırıq. Lazım olan qoruyucularla pandemiya xəstəxanalarımız təmin edilib. Eyni zamanda müalicəvi dərman preparatları ehtiyatımız da kifayət qədərdir”.
