Avropa Parlamentinin qətnaməsinin bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas kimi də xarakterizə etmək olar.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının bu təsisat qarşısında hər hansı öhdəliyi mövcud deyil. İkincisi, Avropa Parlamenti institusional olaraq bu kimi məsələlərdə mövqe bildirmək üçün xüsusi mandatı olan qurum deyil. Avropa İttifaqının Parlament institutuna kim və ya hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar İttifaqın hüdudlarından kənarda yerləşən regionlar və ölkələr barədə bu cür mövqelərlə çıxış etsinlər.
Bu baxımdan, bütövlükdə həmin qərarların bizim üçün əhəmiyyəti yoxdur. Lakin bu proses müəyyən tendensiyaların göstəricisidir. Azərbaycan Respublikası regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Göründüyü kimi, Ermənistan–Azərbaycan normallaşma prosesində sülhün iqtisadi faydalarının formalaşması, o cümlədən Ermənistanın enerji təhlükəsizliyinə töhfə verilməsi istiqamətində Azərbaycan tərəfindən ciddi addımlar atılır.
Belə bir şəraitdə, Azərbaycan Respublikası Baş nazirinin müavininin Ermənistana səfərindən bir gün keçməmiş Avropa Parlamenti tərəfindən diplomatik baxımından rüsvayçı bir qətnamə qəbul edilir. Avropa Parlamentində olan bu şəxslər başa düşməlidirlər ki, onlar bilavasitə sülh prosesinə əngəl yaradırlar. Bunu pozuculuq və provokasiya xarakterli addımlar kimi qiymətləndiririk”, - Hikmət Hacıyev qeyd edib.
.
