Zəngəzur dəhlizi Orta Dəhliz baxımından, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması baxımından əhəmiyyətlidir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
Hakan Fidanın sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını istəyir.
XİN rəhbəri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb: “Bunun üçün həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistanda lazım olan iradə var”.
Hakan Fidan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdiklərini qeyd edib. O əlavə edib ki, çərçivə sənədi ilə bağlı Türkiyə Prezidenti də məlumatlandırılıb: “Ermənistan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı TRIPP-lə bağlı çərçivə sənədi dərc olundu. Biz bu məsələ ilə bağlı dəyərli həmkarım Ceyhun Bayramovla iki saat müzakirə aparmışıq. Bizim üçün Azərbaycan tərəfinin perspektivi önəmlidir. Prezident Ərdoğan da bununla bağlı məlumatlandırılıb”.
.
