"Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”.
Bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
O bunu acınacaqlı hal adlandırıb.
Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.
H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: "Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.
Milli Məclisdə keçirilən dəyirmi masada parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmçinin bildirib ki, ölkədə 620 000 əlil var.
O qeyd edib ki, bunun 270 000 uşaqlardır. Deputat uşaqlar arasında əlilliyin yaranmasında ailə institutunda olan problemləri səbəb göstərib.
Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.
Bu təkliflə də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib.
O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: "Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.
H. Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin: "Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.
