Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 34 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, saxlanılan şəxslərdən biri Laqodexi rayonunun Qabal kənd sakini 1973-cü il təvəllüdlü Mirzə Əliyev olub. Məhkəmə qərarı əsasında Əliyevin həbsi ilə bağlı aparılan əməliyyat zamanı o, xüsusi bölmənin əməkdaşlarına intensiv atəş açıb və nəticədə bir nəfər xüsusi təyinatlı sinəsindən ağır yara alıb.

Cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib.

 

Məlumatda qeyd olunub ki, təqsirləndirilən şəxslərin mübahisələrin həllində iştirak etdikləri, şərtləri pozanlardan cərimə tələb etdikləri və onları ölümlə hədələdikləri müəyyən olunub. Elmuraz Məmmədov adlı kriminal avtoritetin də cinayətkar fəaliyyətdə aktiv iştirak etdiyi məlum olub.

Saxlanılanların üzərilərində və yaşayış yerlərində aparılmış axtarışlar zamanı onların xaricdə olan “qanuni oğru”larla əlaqə saxladıqları kompüter texnikası və mobil telefonlar, narkotik vasitələr, odlu silah və külli miqdarda pul maddi sübut kimi müsadirə edilib.

“Oğrü dünyası” ilə əlaqəli şəxslərin törətdikləri cinayət əməllərinə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

.