Güclü yağışlar Nyu-Yorkda genişmiqyaslı problemlərə səbəb olub, ən çox Bruklin və Kuins rayonları zərər görüb.
"Report" ABŞ mediasına istinadən xəbər verir ki, güclü leysanlar küçələrin su altında qalmasına, nəqliyyatın hərəkətinin pozulmasına və ağacların aşmasına səbəb olub.
Şəhər xidmətləri təbii fəlakətin nəticələrini aradan qaldırmağa davam edir.
Bruklində güclü yağıntılar səbəbindən yolları su basıb. Hakimiyyət orqanları bəzi avtomagistralları müvəqqəti bağlayıb, qəfil daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq isə iyulun 7-si səhər saatlarınadək (ABŞ vaxtı ilə - red.) qüvvədədir.
"Hazırlıq üçün vaxt yoxdur, bu, gözlənilmədən baş verir və çox təhlükəli ola bilər", - deyə Nyu-York ştatının qubernatoru Keti Hoçul bildirib.
Kuinsdə fırtına onlarla ağacı aşırıb. Sakinlərin əksəriyyəti ciddi su basmasından yaxa qurtarsalar da, dağıntıları təmizləmək və əlverişsiz hava şəraitinin nəticələrini aradan qaldırmaq məcburiyyətində qalıblar.
.
