Nərimanovun icra başçısına sensasiyalı rüşvət, korrupsiya ittihamları
Məzahir Nəsibov: "İttihamlar doğrudur, məni də Abdin Fərzəliyev aldatdı”

Dünən bir qrup vətəndaş Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "gözdən əlillərin binası”nda mənzil verilməsi adı ilə aldadıldığını və pullarının mənimsədildiyini iddia edərək mətbuat konfransı keçirib. 

Konfransda bildirilib ki, Qarabağ mühribəsində iştirak etməyən və gözdən əlil olmayan vətəndaşlar 2012-2016-ci illərdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123 A ünvanında yerləşən yataqxanasında qeydiyyata alınması, əlil kimi mənzil növbəsinə götürülməsi barədə Nərimanov Rayonu İcra Hakimiyyətinin (RİH) başçısının sərəncamları olub. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında tikilən binada mənzil verilməsi vəd olunaraq onlardan külli miqdarda pullar alınıb. 

Şikayətçi Mübariz Hacıyev iddia edib ki, Nərimanov Rayonu İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə müxtəlif təbəqələrdən olan məmurlar ölkənin müxtəlif regionlarından olan 160-a yaxın sosial vəziyyətləri çətin olan ailənin 8 milyon manat məbləğində pullarını mənimsəyib: "Biz ailələr üzərində korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanı alət ediblər.

Bu məqsədlə sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün "işbaz” kimi Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilib. Məzahir Nəsibov məmurların belə məsələləri üzrə "makler”ləri olub.Onun bizə dediyinə görə, icra başçısı Abidin Fərzəliyevin xüsusi və gizli tapşırığı ilə mənzil almaq istəyənlərlə danışıqların aparılması və onlardan pulların alınması ona həvalə olunub.
Belə ki, Məzahir Nəsibov və onun maklerləri tərəfindən bizlərə bildirilib ki, dövlət başçısının gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi və sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi barədə göstərişlərinə müvafiq olaraq, hazırda Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Nərimanov rayonunun Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan ərazisində Nərimanov RİH-in rəhbərliyi ilə bina tikilir. Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsi isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələr üçün nəzərdə tutulub”.

Şikayətçilər deyirlər ki, güzəştli mənzil almaq istəyənlər üçün aşağıdakı təklif və tələblər müəyyənləşdirilib: 

mənzillər tam təmirli və yaşamaq üçün zəruri mebellərlə təmin olunmaqla təklif olunurdu;
bazarla müqayisədə mənzillər ucuz qiymətlərə, yəni  bina tikintisinin ilkin dövrlərində bir, iki və üç otaqlı mənzillər müvafiq olaraq 20-50 min manat məbləğləri arasında, binanın istismara verilməsi yaxınlaşdıqca isə 70-100 min manat məbləğində təklif olunurdu;
mənzilləri almaq istəyənlərə mənzillərin orderləri 2014-cü ilin fevral ayının 3-10-u arasında, bu müddət keçdikdən sonra isə dəfələrlə qısa müddətdə (yəni uzağı bir ay müddətində) təqdim olunmasına vəd verilirdi;
təklif olunan məbləğin müvafiq olaraq beş - on min manat məbləği mənzil almaq istəyənlər tərəfindən Məzahir Nəsibova əvvəlcədən beh kimi verilməli, qalan məbləğ isə mənzil almaq istəyənin onlar tərəfindən müəyyənləşdirilmiş ünvanda qeydiyyata alındıqdan (bu halda şəxsiyyət vəsiqəsi də dəyişdirilirdi) və mənzil növbəsinə götürülməsi barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surəti təqdim edildikdən sonra verilməsi tələb olunurdu.
mənzil sahibi olmaq istəyən şəxslərin adına mənzil olmamalı;
qeydiyyatda olduğu ünvandan çıxarılmasına və Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin müəyyənləşdirdiyi ünvanda qeydiyyata alınmasına razı olmalı;
bizlərdən alınan pulun sənədi mənzilin sənədi ilə birlikdə verilməli idi. 

Beləliklə, bu təklifi qəbul edən 160 nəfər ailədən 8 milyon manat məbləğində pul alınıb və onlara mənzil növbəsinə götürülməsi barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surətini və yeni şəxsiyyət vəsiqəsini veriblər. Bu dövlət sənədləri beh alındıqdan sonra  "işıq sürətilə” hazırlanırdı. 

Bu ailələr aldadıldıqlarını 24 dekabr 2015-ci il tarixində biliblər. Belə ki, həmin tarixdə binanın açılışında iştirak edən Prezidentin nitqindən anlayıblar. 

Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayevin iştirakçılığı ilə müvafiq normativ hüquqi akt və sənədlərinin tələbləri pozulmaqla saxta dövlət sənədləri hazırlanmış və vətəndaşlara qanunsuz olaraq, qeydiyyata və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbərinin  razılığı ilə sağlam insanlar olduqları halda əlil kimi mənzil növbəsinə götürülüblər.

"Bizə təqdim olunmuş şəxsiyyət vəsiqələri və sərəncamlar yalnız bizim kimi imkansız şəxslərin pullarına sahib olmaq məqsədi daşıyıb.

Bizə qarşı edilən qanunsuzluqları aşkarlayarkən onlar öz əməllərini ört-basdır etmək, bizdən alınmış pullara sahib olmaq məqsədilə bizim üçün hazırlanmış bütün sənədlər, o cümlədən vətəndaşlıq qeydiyyatlarımız ləğv edilmiş, ev vermək üçün bizlərlə birbaşa pul əlaqəsində olan Nəsibov Məzahir Dursun oğlunu təzyiq nəticəsində Azərbaycan Respublikasını tərk etməyə məcbur etmişlər. Məqsədi şahidi yox etmək olub”,-deyə Mübariz Hacıyev bildirib. 

Onun sözlərinə görə, aldadıldıqları və hüquqlarının pozulması barəsində aiddiyatı bütün dövlət qurumlarına dəfələrlə şikayət ediblər: "Milli Məclis, mərkəzi icra hakimiyyəti qurumları və hüquq-mühafizə orqanlarına edilən müraciətlərimizə cavab verilmədi. Çünki məmurlar müxtəlif vasitələrlə bir-birilə əlaqəlidirlər.

Şikayətimiz əsasında hüquq-mühafizə orqanında araşdırılma aparılır. Amma biz araşdırmanın gedişatından narazıyıq və narahatıq. Ona görə də problemin həll olunmasını məsələnin ictimailəşməsində gördük. Ümid edirik ki, aldadılmış vətəndaşlar olaraq bizim hüquqlarımızı müdafiə edəcək və bizə dəymiş zərərin ödənilməsinə çalışacaqlar”.

Almaniyadan "skyple” vasitəsi konfransa qatılanan "makler” Məzahir Nəsibov şikayətçilərin ittihamlarının doğru olduğunu bildirib: "Məni də icra başçısı Abdin Fərzəliyev aldatdı. Mənim vasitəmlə vətəndaşlardan pul yığdılar və onlara vəd olunan mənzillər verilmədi. Bu cinayətdə mənim təqsirli bilinəcəyim və həbs ediləcəyim təhlükəsinin olduğunu anladığım üçün ölkəni tərk etməli oldum”.
Ramid İBRAHİMOV

.