"20 ildə GUAM beynəlxalq aləmdə dayanıqlı mövqe tutmağa nail olub”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan parlamentinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında deyib.
O bildirib ki, 2017-ci ildə Gürcüstan GUAM-a sədrlik edib: "Gürcüstan bu təşkilata sədrlikdən şərəf duyur. Təşkilat çərçivəsində 20 ildə iqtisadi inkişaf və demokratik dəyərlərin inkişafı üçün bir sıra işlər görülüb”.
G. Mosidze əlavə edib ki, GUAM çərçivəsində əməkdaşlığın daha effektiv olması üçün Gürcüstan bütün imkanlardan istifadə edib.
Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili isə deyib ki, GUAM Gürcüstanın təhlükəsizlik və sabitliyinə böyük töhfə verib: "Təşkilatın Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün konstruktiv rol oynayıb”.
