Zaqatala sakini tüfənglə həyat yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılıb. Həkimlərin səylərinə baxmayaraq Nəsimi İbrahimov səhər 06:30 radələrində reanimasiya şöbəsində keçinib.

Polis bölməsindən insidentlə əlaqədar APA-ya hələlik açıqlama verilməyib. İlkin ehtimala görə, Nəsimi İbrahimov həyat yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

Virtualaz.org saytı xatırladır ki, bu, son günlər ölkədə baş verən ikinci analoji hadisədir. Belə ki, dünən Quba rayonunun İqrıq kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Neman Asif oğlu bir müddət əvvəl ayrıldığı həyat yoldaşı İbrahimova Aygün Pənah qızı ilə barışmaq üçün qayınatasıgilə gedib. Həyat yoldaşı onunla barışmaqdan imtina edib.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Kəndin mollası olan N.İbrahimov mübahisə zəminində qadını bıçaqlayıb. Bundan sonra kənd qəbiristanlığına gedən molla orada özünü asaraq intihar edib.
.