"Ləğvetmə prosesində olan 10 bank üzrə kredit portfeli 2,5 mlrd. manat təşkil edir".
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, kredit portfelinin 85%-i 500 min manatdan yuxarıdır: "Bu məbləğ 200 müştəriyə verilib. Ümumilikdə isə 10 bank üzrə müştərilərin sayı 75 min nəfər təşkil edir".
Qeyd edək ki, aprelin 12-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 mln. 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 54 mln. 566 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 mln. 626 min manatdan artıq kompensasiya verilib.
Aprelin 12-də "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 254 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 436 mln. 613 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.
Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.
Bundan başqa, Ləğv prosesində olan "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.
Ləğv prosesində olan "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək "Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən bu banklar üzrə 727 milyon 65 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondu AMB-dən götürdüyü kreditin bir hissəsini qaytarıb
"Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankından (AMB) götürdüyü kreditin birinci tranşını yanvar ayında artıq qaytarıb".Bu barədə də Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tranşın məbləği 22 mln. manat, kredit dərəcəsi isə 5% təşkil edib.
A.Cavadov əlavə edib ki, AMB Fonda ikinci tranş üzrə 100 mln. manat kredit ayırıb.
"Üçüncü tranşın məbləği 445 mln. manat təşkil edir. 545 milyon manatlıq kreditin 520 mln. manatı restrukturizasiya edilib faizsiz kreditə çevrilib. Yerdə qalan 20 mln. manat isə 0,15%-lə qaytarılacaq", - deyə o bildirib.
Qeyd edək ki, hazırda fondun 80 mln. manat vəsaiti var.
