Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Samur-Yalama Milli Parkı ərazisində "Meşələrin yanğın təhlükəsizliyi" mövzusunda maarifləndirmə tədbiri təşkil edib.
Yenizaman-a Nazirlikdən verilən məlumata görə, tədbir ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması və xüsusilə yay mövsümündə meşə yanğınlarının qarşısının alınması məqsədilə keçirilib.
Tədbirdə aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Görüş zamanı meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, eləcə də qabaqlayıcı tədbirlər barədə iştirakçılara geniş məlumat verilib.
Çıxışlarda meşələrin qorunması üçün təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, həm məsul şəxslər, həm də əraziyə yaxın yaşayan sakinlər və sahibkarlar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər.
Daha sonra açıq sahədə yanğın təlimi keçirilib. Şərti yanğının söndürülməsinə Milli Parkın əməkdaşları cəlb olunub.
Hadisə yerinə gələn FHN-in yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində "yanğın" qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.
Sonda xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə 6-8 metr enində təhlükəsizlik zolaqlarının yaradılması prosesi tədbir iştirakçılarına nümayiş etdirilib.
.
