
Bu gün Qərb mediası fəal şəkildə ikili standartlar siyasəti yürüdür.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqaz - Yaxın Şərq regionu: geosiyasət və əməkdaşlıq" adlı hesabatın təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan bir sıra problemlərlə, o cümlədən Qərb jurnalistləri tərəfindən Qarabağdakı vəziyyətin qərəzli işıqlandırılması ilə üzləşib: “Lakin Azərbaycan sülhə nail olmağa çalışır”.
F.Şəfiyev eyni zamanda vurğulayıb ki, Səudiyyə Ərəbistanı həm işğal illərində, həm də ondan sonra Azərbaycana dəstək verən ölkələrdən biri olub.
O bildirib ki, oxşar qərəzli yanaşmanı Səudiyyə Ərəbistanına qarşı da müşahidə etmək olar: “ABŞ və Böyük Britaniya hazırda husilərə qarşı mübarizə aparır, lakin Səudiyyə Ərəbistanı bu mübarizəni apardıqda tənqid edilib”.
Qeyd edək ki, təqdimat Abdulla Məhəmməd Həmdanın rəhbərlik etdiyi Milli Müdafiə Universitetinin, Səudiyyə Ərəbistanı Komandanlıq və Qərargah Təlim Akademiyasının professor-müəllim heyətinin nümayəndələri üçün keçirilib.
.