Azərbaycanda media qurumları ən çox fişinq hücumlarına məruz qalırlar.

Bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndəsi Sənan Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzİntTelekom" MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda seminar və təlimdə deyib.

"Biz artıq fişinq hücumları barədə dəfələrlə danışmışıq və bəziləri bu mövzudan yorulmuş ola bilər. Lakin statistikaya nəzər salsaq, kiberhücumların 80-90 %-i məhz fişinq hücumları nəticəsində baş verir. İnsan faktoru və cüzi diqqətsizlik böyük bir media qurumunun infrastrukturunun sıradan çıxmasına səbəb ola bilər.

Bunun ardınca isə sosial media hesablarının ələ keçirilməsi gəlir ki, biz bu hallarla da tez-tez qarşılaşırıq. Bir çox media orqanlarının hesabları ələ keçirilərək oradan saxta məlumatlar paylaşılır, bu isə ictimai rəyə təsir etməyə yönəlib.

Digər ciddi təhdid isə DDoS hücumlarıdır. Bu hücumlar texniki baxımdan kiberhücum sayılsa da, əsl məqsədi media subyektlərinin fəaliyyətini qəsdən dayandırmaq və onların məxfiliyini pozmaqdır.

Bu ilin fevralında baş vermiş bir hadisə xüsusilə diqqət çəkicidir - “Global Media Holdinq”in resurslarına edilən kiberhücum nəticəsində onların əsas səhifəsi dəyişdirildi və fəaliyyətləri müvəqqəti olaraq tamamilə iflic oldu",- deyə o qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda məlumat sızmaları problemi də var: “Bu, xüsusilə kiçik media qurumlarında təhlükəsizlik qaydalarına yetərincə əməl edilmədikdə baş verir və ciddi risklər doğurur”.

Profilaktik tədbirlərdən danışan S.Vəlizadə bildirib ki, kənardan daxil olma zamanı VPN-dən istifadə etmək zəruridir.

.