“Son bir neçə ay ərzində cəlb olunmuş bir sıra tərəfdaşlar, xüsusilə də Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı vasitəsilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasına yönəlmiş səylər davam etdirilib”.

Bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqdə bildirilib. Qeyd edilib ki, heç bir istisna olmadan bütün tərəfdaşlar bütün diplomatik müzakirələr zamanı Laçından və Ağdamdan eyni zamanda keçidin mövcud vəziyyətin legitim və ağlabatan həll yolu olduğunu təsdiqləyiblər:

“Qeyd etmək lazımdır ki, eyni zamanda keçid üçün çağırışlar ABŞ Dövlət Departamentinin, Rusiya XİN-in, Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibinin verdiyi bəyanatlarda, habelə ATƏT-in Daimi Şurasının 12 sentyabr tarixli görüşü zamanı çıxışlarda səsləndirilib. 12 sentyabr tarixində, uzun müddət davam edən müzakirələr və yubanmalardan sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdamdan Xankəndiyə keçidi təmin edilib. Bunun aylardır müzakirə olunan eyni zamanda keçidlərin həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı.

10 sentyabr tarixində, ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı Azərbaycan tərəfi Laçından keçid zamanı Azərbaycan Respublikasının milli sərhəd və gömrük nəzarət tələblərinin yerinə yetirilməsilə BQXK tərəfindən Laçın və Ağdamdan eyni zamanda keçid variantında sadiq olduğunu bir daha bildirib. 11 sentyabr tarixində, BQXK tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra, Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq, BQXK Azərbaycan tərəfinə bildirib ki, erməni tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur. Azərbaycan cəlb olunmuş beynəlxalq tərəfdaşların müraciətlərini davamlı və xoş niyyətlə cavablandıraraq Laçın və Ağdamdan eyni zamanda keçid üçün müxtəlif variantları nəzərdən keçirsə də, Ermənistan tərəfi davamlı şəkildə razılaşmalardan geri çəkildi və yeni bəhanələr irəli sürdü”.

.