
Bakı Hərbi Məhkəməsində oktyabrın 17-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan və digərlərinin bir sıra internet resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdiyi fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.
Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
.