
Dənizə çıxışı olmayan ölkə statusuna baxmayaraq, Azərbaycanın nəqliyyat siyasəti və yeni, müasir infrastrukturu coğrafi məhdudiyyətləri imkanlara çevirib.
Bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.
Baş nazir bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkədir: “Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.
Biz 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90% artıma nail olmuşuq. Dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb.
Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır”.
.