Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının üzərinə düşən vəzifələr bundan sonra da layiqincə icra olunacaq.

Bunu DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev əvvəlcə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı söhbət açıb, Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu xalqa və dövlətə sədaqət amallarının Xidmətin şəxsi heyəti tərəfindən daim əsas götürüldüyünü qeyd edib.

General-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılmış, respublikada bütün sahələrin hərtərəfli inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə müşayiət olunub.

Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığını vurğulayan Xidmət rəisi təhlükəsizlik orqanlarının fəaliyyətinin də dövlətimizin başçısının diqqət və qayğısı ilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, DTX-nin əməkdaşlarının üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə icra olunacağını deyib.

.