Azərbaycan regional istehsal və logistika habına çevrilmək üçün böyük imkanlara malikdir.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko APA-ya açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanı qlobal trendlərdən kənarda nəzərdən keçirmək mümkün deyil və dünyada baş verən proseslər ölkənin gələcək iqtisadi inkişafına da təsir göstərir.

Şlapaçenko qeyd edib ki, Azərbaycan neft və qaz sektorundan kənarda iqtisadiyyatını şaxələndirməklə yanaşı, strateji coğrafi mövqeyindən və nəqliyyat bağlantılarından istifadə edərək regional və qlobal dəyər zəncirlərində mövqeyini gücləndirə bilər.

“Azərbaycan strateji mövqeyə və mühüm bağlantı imkanlarına malikdir. İnnovasiya, özəl sektorun inkişafı və ixrac rəqabətliliyindən istifadə etməklə ölkə regional və qlobal dəyər zəncirlərində daha yüksək mövqeyə çıxa bilər”, – BMT rəsmisi bildirib.

O vurğulayıb ki, Bakı limanı və dəmir yolu infrastrukturu Azərbaycanın regional istehsal və logistika habına çevrilməsi üçün mövcud imkanları tamamlayır.

Şlapaçenko, həmçinin, Azərbaycanda insan kapitalına və innovasiyalara investisiyaların artırılmasının vacibliyini qeyd edib.

Onun fikrincə, süni intellekt, avtomatlaşdırma və rəqəmsal texnologiyalar istehsal sektorunu dəyişdirir və bu proses yeni bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılmasını tələb edir.

BMT-nin rezident əlaqələncidiricisi Azərbaycanın beynəlxalq standartlara və tənzimləyici normalara uyğunlaşmasının da ölkənin ixrac imkanlarının genişləndirilməsi və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu deyib.

“Azərbaycanın regional istehsal habına çevrilməsi üçün strateji mövqe, müasir infrastruktur, inkişaf edən sənaye imkanları və iqtisadi şaxələndirməyə aydın baxış kimi mühüm imkanları var”, – Şlapaçenko əlavə edib.

.