Daxili İşlər Nazirliyi şəmkirli iş adamının sosial şəbəkələrdə Kəlbəcərdən qayıdarkən pandemiya qaydalarını pozduğu üçün saxlanılması barədə yaydığı və digər həqiqətə uyğun olmayan böhtan xarakterli iddialarına cavab verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin məlumatı sosial şəbəkələrə ötürən, Şəmkir rayonunda fəaliyyət göstərən “Qala” restoranının sahibi Tural Zeynalov ötən il noyabr ayının 1-də axşam saatlarında işlətdiyi restorandan çıxıb axtarışda olan, 99-PC-390 nömrəli avtomobil ilə hərəkətdə olan zaman saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı və hərbi rejim qaydalarını kobud surətdə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə ictimai asayişi nümayişkaranə şəkildə pozub. 

Buna görə də T. Zeynalov barəsində İXM-in 510, 511.1, 517-2.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Rayon məhkəməsində T. Zeynalov verdiyi izahatı bir daha təsdiq edərək, törətdiyi əməllərdən səmimi peşman olduğunu bildirib. Lakin sosial şəbəkələrdə gedən məlumatda həmin şəxsin Kəlbəcər rayonundan gəldiyini bildirsə də Kəlbəcər rayonunun noyabr ayının 1-də deyil dekabr ayının 25-də işğaldan azad edildiyini nəzərə alsaq sosial şəbəkələrdə yayılan iddiaların əsassız və şantaj xarakterli olduğunu aydın görünür. Bundan başqa T. Zeynalov işlətdiyi Qala restoranında pandemiya dövründə qadağan olunmasına baxmayaraq dəfələrlə toy mərasimi keçirməyə cəhd edib, lakin RPŞ-nin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.

Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarının əməkdaşları istər koronavirus pandemiyası dövründə istərsə də 44 günlük Vətən müharibəsi dövründə layiqincə ictimai aşayişi təmin edib, cinayətkarlıq mübarizə aparıb və bundan sonra da bu tədbirləri davam etdirəcəkdir.

.