Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir.
Məktəbdən APA-ya verilən məlumata görə, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.
“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin, məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda şagirdlərin vəziyyəti normaldır”, - məlumatda qeyd olunub.
.
