Milli Məclisin iclasında "Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunur. Qnun layihəsi haqqında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, Qanunun 11. 4-cü maddəsi "dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilir.
Qanunun 11. 5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur .
Deputat Zahid Oruc qanunun tələblərinin digər hüquqi aktlarda nəzərə alınması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, dərs vəsaitləri sırasında azyaşlı uşaqlar və orta məktəb şagirdləri üçün hazırlanmış bir çox tədris vəsaitlərində Qərb həyat tərzini, folklorunu, yaxud ədəbi və bədii əsər qəhrəmanlarını təbliğ edən simvollara rast gəlinir. Deputatın fikrincə Azərbaycanın tarixi və müasir dövrünü deyil, kənar dəyərləri belə öymək, tirajlamaq yeniyetmə və gənc nəslin təhtəlşüurunda dərin izlər buraxır, onları yad ideologiyanın daşıyıcısına və ötürürücüsünə çevirir. Buna görə də qanunlar belə halları yasaq etməlidir.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
