ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyaya artan maraq nümayiş etdirir ki, bu da Azərbaycanın iştirakı ilə regional "C5+1" formatının "C6+1"-ə genişləndirilməsinə dəstəkdə əks olunur.

Bunu Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con E.Herbst Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda bildirib.

C.Herbst qeyd edib ki, forum Vaşinqtonda ABŞ və Mərkəzi Asiya ölkələri arasında prezident səviyyəsində tarixdəki ilk görüşdən cəmi iki həftə sonra keçirilir. Həmin görüşdə Ağ Ev regionu yeni xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib.

O vurğulayıb ki, Daşkənddəki sammitdə Mərkəzi Asiya ölkələrinin C5 formatını Azərbaycanı da daxil etməklə C6-ya genişləndirmək qərarı Bakının regional arxitekturada artan rolunu əks etdirir.

C.Herbst Vaşinqton siyasətindən bəhs edərkən Prezident Donald Trampın Cənubi Qafqaz da daxil olmaqla qlobal "qaynar nöqtələr"də sülhün möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, avqustun 8-də oval kabinetdə keçirilən görüşü xatırladıb. Bu görüşdə ABŞ, Azərbaycan və Ermənistan liderləri Bakı və İrəvan arasında sülhü möhkəmləndirən sənəd imzalayıblar.

"ABŞ Prezidentinin şərəfinə adlandırılmış dəhliz (Tramp Marşrutu - red.) onun regionda sülh prosesinin uğurla irəliləməsində şəxsi marağını vurğulayır", - o bildirib.

C.Herbst həmçinin qeyd edib ki, Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunun başlaması və "C6+1" strukturunun formalaşması Vaşinqton, Bakı və Mərkəzi Asiya ölkələrinin ekspert icmaları arasında əməkdaşlığın yeni səhifəsini açır.

"Biz gələn payızda artıq növbəti forumu keçirmək və regionun analitik mərkəzləri arasında əməkdaşlığı institutlaşdırmaq üçün Mərkəzi Asiya və Cənubi Qafqazdakı tərəfdaşlarımızla fəal şəkildə işləyəcəyik", - o bəyan edib.

.