
“Mən bir neçə dəfə qeyd etmişəm. Azərbaycan tərəfini Xankəndi ilə dialoqu dəstəkləməməkdə ittiham etmək üçün şəxsin çox zəngin fantaziyasının olması lazımdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda belçikalı həmkarı Hadca Labib ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Xankəndi ilə dialoqdan yayınması barədə bu gün səsləndirdiyi fikirlərə münasibət bildirən cənab Bayramov bu fikirlərin əsassız olduğunu vurğulayıb: “Çünki Azərbaycan artıq nümayəndəsini təyin edib, nümayəndəsini göndərib, birinci görüş baş tutub. Bundan sonra növbəti görüşə dəvət olub və bu dəvət təkrarlanıb. Bu dəvətin qəbul olunub-olunmaması artıq dəvət ünvanlanan insanlara aiddir. Ermənistan Baş nazirinə isə bu mövzunun bilavasitə aidiyyəti yoxdur. Ancaq bu mövzuda şərhlər verirsə, bu onun hüququdur, şərhlər verə bilər. Biz də təbii ki, onun qeyd etdiklərini şərh edə bilərik. Biz artıq qeyd etmişik ki, avqust ayının əvvəlində bu istiqamətdə razılıqlar əldə olunmuşdu və yerli ermənilərin nümayəndələri təsdiq də vermişdi, Azərbaycanın müəyyən etdiyi şəhərdə görüşün keçirilməsi ilə bağlı razılıq da, təsdiq də vardı. Ermənistan siyasi rəhbərliyinin xəbəri yoxdursa, biz yenə qeyd edə bilərik, burda gizli bir şey yoxdur. Müxtəlif bəhanələrlə, konkret olaraq avqustun 5-də görüşə gəlməli olan adamın səhhətində problemlərin olması ilə əsaslandırılaraq, həmin görüş uzadıldı. Bütün bunlardan sonra kimsə Azərbaycanı görüşün keçirilməsində qeyri-konstruktiv yanaşmada ittiham etmək istəyirsə, artıq bu onun öz işidir. Ancaq bu, reallıqdan uzaqdır”.
Azərbaycan XİN rəhbəri: Laçın buraxılış məntəqəsi heç bir məhdudiyyət olmadan fəaliyyət göstərir
"Ölkələrin suverenliyinə hörmət dedikdə, təbii olaraq, bütün əməliyyatların, ölkəmizə giriş-çıxış, o cümlədən humanitar təşkilatların fəaliyyətinin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tuturuq".
Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Düşünürəm ki, öz ərazi bütövlüyünə hörmət edən istənilən dövlət bu siyasəti həyata keçirir. Biz bunu Laçın Buraxılış Məntəqəsi kontekstində deyiriksə, 23 aprel tarixindən bu yana minlərlə insan hər iki istiqamətdə şəffaf formada keçid məntəqəsindən istifadə edib. İki ay ərzində həmin məntəqə heç bir məhdudiyyət olmadan fəaliyyət göstərib. Ermənistan tərəfindən hərbi təxribat olduqdan, sərhədçimizin yaralandıqdan, beynəlxalq təşkilatın nüfuzuna xələl gətirməklə kanvoylardan qaçaqmalçılıq məqsədilə istifadə edildiksən sonra Azərbaycan öz suveren hüquqlarından istifadə edərək qanunvericiliyin aliliyini təmin edib”, - nazir qeyd edib.
.