Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.

XIN-dən verilən xəbərə görə, görüş zamanı, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələri, onların inkişaf imkanları, enerji təhlükəsizliyi, habelə Şimali Makedoniyanın ATƏT-də 2023-cü ildə sədrliyi çərçivəsində planlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xarici işlər naziri Ceyhun Bayramov, bölgədə hazırki vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, əlaqələrin normallaşması və bu sahədə Azərbaycan tərəfindən görülən işlər, habelə Ermənistan tərəfindən törədilən və qeyd edilən proseslərə xələl gətirən təxribatlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edən xarici işlər naziri Bucar Osmani, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. ATƏT çərçivəsində yaşanan çətinliklər nəzərə alınaraq, təşkilatın gücləndirilməsi istiqamətində fikirləri ilə bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

.