Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il COVID-19-a qarşı həyata keçirilən vaksinasiya fonunda Avropa iqtisadiyyatı 4,5% artacaq. Bu, ötən proqnozdan (2020-ci ilin oktyabr ayı) 0,2 faiz bəndi azdır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun Avropa regionu üzrə yeni dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Gələn il üçün regionda ÜDM-in artım tempi 3,9% (ötən proqnoz – 3,2%-lik artım) səviyyəsində gözlənilir.

Fondun Avropanın ən inkişaf etmiş ölkələri üzrə verdiyi proqnozları nəzərə alsaq, 2021-ci ildə Böyük Britaniyada – 5,3%, Fransada – 5,8%, Almaniyada – 3,6%, İtaliyada –

4,2%, İspaniyada isə 4% səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Avropa İttifaqının üzvləri olmayan, lakin Avropa regionuna daxil edilən Rusiya və Türkiyədə isə, Fond bu il müvafiq olaraq 3,8% və 6% səviyyəsində iqtisadi artım proqnozlaşdırır.

BVF qeyd edir ki, vaksinasiya regionun iqtisadi mənzərəsini yaxşıya doğru dəyişdirəcək bir amil olacaq, lakin istənilən nəticəni əldə etmək üçün ölkələr vaksinlərin istehsalını və bərabər yayılmasına qoyulan səyləri artırmalıdır. Bundan əlavə, Avropa iqtisadiyyatının sürətli və dolğun bərpasına nail olmaq üçün dövlətlər tərəfindən ev təsərrüfatlarına və şirkətlərə olunan yardımlar davam etməli, işə götürülmə ilə investisiya qoyuluşları isə stimullaşdırılmalıdır.

.