ATƏT Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə bilər.

Bu barədə Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul zamanı bildirib.

Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə dövlət başçısına məlumat verib.

Bildirib ki, Şimali Makedoniya sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb.

O, ATƏT-in Şimali Makedoniyaya üzv dövlət kimi verdiyi dəstəyini xatırladaraq, hazırda ölkəsinin bu təşkilatın gündəliyində duran məsələlərin həllinə öz töhfəsini verməyə çalışdığını deyib, bu baxımdan Şimali Makedoniyada daxili siyasətdə “Hamı üçün vahid cəmiyyət” konsepsiyasından çıxış etdiyini bildirib, ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Bu xüsusda ölkəsinin əldə etdiyi təcrübənin Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

.