Prezident İlham Əliyev Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.
Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bülbül (Murtuza Məmmədov)
Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.
Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib)
1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.
1916-cı ildən səhnə fəaliyyətinə başlayıb.
1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub.
1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib.
1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.
1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.
Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.
Oynadığı əsas partiyalar
Koroğlu – Üzeyir Hacıbəyli, "Koroğlu”;
Əsgər – Üzeyir Hacıbəyli, "Arşın mal alan”;
Qərib – Qlier, "Şahsənəm”;
Əlyar – Müslüm Maqomayev, "Nərgiz”;
Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami”;
Fərhad – Niyazi, "Xosrov və Şirin”;
Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən”;
Mario - Cakomo Puççini, "Toska”.
İfa etdiyi romanslar, xalq mahnıları və təsniflər
"Sənsiz” – Üzeyir Hacıbəyli;
"Sevgili canan” – Üzeyir Hacıbəyli;
"Ölkəm” – Asəf Zeynallı;
"Süsən sünbül” – xalq mahnısı;
"Yaxan düymələ” – xalq mahnısı;
"Qara gözlər” – xalq mahnısı;
"Çal-oyna” – xalq mahnısı;
"Xumar oldum” - xalq mahnısı (Niyazinin işləməsində);
"Segah təsnifləri”.
