"Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında isə 5 cinayət işi başlanıb".
Bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, cari ilin I yarımili ərzində Baş İdarədə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib
K.Əliyev qeyd edib ki, həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israfetmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktivrüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
"2018-ci ilin I yarımili ərzində korrupsiya cinayətlərinə görə məhkəmələrə göndərilən cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyan qeydə alınıb".
Bunu barədə də Kamran Əliyev məlumar verib.
O bildirib ki, qeydə alınan ziyanın ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib: "Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".
.
