
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusunda müzakirələr keçirilib. Tədbirin əsas məqsədi Cənubi Qafqaz regionunda dəyişən geosiyasi konfiqurasiya fonunda Azərbaycan–İran münasibətlərinin cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək olub.
Müzakirələrdə BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə açılış nitqi ilə çıxış ediblər.
Fərid Şəfiyev çıxışında iki ölkə münasibətlərində müşahidə olunan pozitiv dinamikanın əlaməti olaraq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinə diqqət çəkib. O bildirib ki, bu səfər strateji dialoqun bərpası, etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlıq formatlarının genişləndirilməsi baxımından mühüm dönüş nöqtəsi olub.
İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə çıxışında İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək Prezident Məsud Pezeşkianın Azərbaycana səfərinin bu siyasətin praktiki təzahürü olduğunu bildirib. O həmçinin iki xalq arasındakı yaxın münasibətlərə diqqət çəkib:
“Süni maneələr aradan qaldırılmalı, təbii əlaqələr maksimum səviyyəyə çatdırılmalıdır. Bölgədə baş verən geosiyasi, geoiqtisadi dəyişikliklər onu tələb edir ki, yanaşmalar da bu tendensiyalara uyğunlaşdırılsın”.
Tədbirdə çərçivəsində BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Sənəd BMTM-nin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.
Daha sonra davam edən ekspert müzakirələrində regiondakı yeni reallıqlar fonunda ikitərəfli münasibətlər, İran Prezidentinin Azərbaycana səfərinin yekunları, regional enerji və nəqliyyat layihələri, təhlükəsizlik və sərhəd idarəçiliyi, eləcə də mədəni-humanitar əməkdaşlıq məsələləri ilə bağlı BMTM İdarə Heyətinin üzvü Cavid Vəliyev, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avrasiya araşdırmaları qrupunun rəhbəri Əlibeman Eğbali Zarç, BMTM-in baş məsləhətçisi Məsiağa Məhəmmədi, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Mənuçehr Muradinin çıxışları dinlənilib.
Spikerlər Prezident Məsud Pezeşkianın səfərinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını və bundan sonrakı mərhələdə davamlı dialoq üçün zəmin yaratdığını vurğulayıblar.
.